
Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start vermişdir.
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur.
Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır.