Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundov: Bu gün tam əminliklə və qürur hissi ilə deyə bilərik ki, biz minlərlə gəncə xidmət edirikGənclər üçün Təhsil Mərkəzinin yaranma zərurəti barədə nə deyə bilərsiniz?Gənclər üçün Təhsil Mərkəzi 2000-ci ilin dekabr ayında Bakı şəhərində təhsil alan bir qrup aktiv tələbə tərəfindən yaradılıb. Ümumiyyətlə, həmin dövrədək gənclərin təhsil problemləri ilə, eləcə də onların qeyri-formal təhsil prosesinə cəlb olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı mövcud deyildir. Bu baxımdan mərkəzin yaranması zəruri idi. Əsas missiyası Azərbaycanın aktiv gənclərini bir araya gətirərək, onların potensialını demokratik, savadlı, sağlam və təhlükəsiz vətəndaş cəmiyyəti qurmağa yönəltməkdir. Bu gün mərkəzin qarşısında dayanan məram gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakını təmin etmək, onların intellektual səviyyəsini inkişaf etdirmək, hərtərəfli maarifləndirilməsinə və təhsil səviyyəsinin inkişafına kömək, onların Avropaya inteqrasiyasını təşkil etmək, həmçinin ali məktəbi bitirən işsiz gənclərin işlə təmin olunmasına kömək göstərməkdir.
Bu günədək gənclərlə iş və təhsil sahəsində mərkəzinizin əməli fəaliyyətinə nəzər salardınız. Ümumiyyətlə, Gənclər üçün Təhsil Mərkəzi yarandığı vaxtdan bu günədək gənclər və təhsil sahəsində 500-dən çox proqram və layihə həyata keçirmişdir. Təbii ki, bu layihələrin hər biri mövcud ehtiyaclar əsasında meydana gəlmiş və həmin ehtiyacların qarşılanması məqsədilə reallaşdırılmışdır.
İcra edilən layihələrin böyük əksəriyyəti gənclərin qeyri-formal təhsil imkanlarının genişləndirilməsinə, məşğulluq probleminin həllinə, beynəlxalq təcrübənin öyrənilməsinə, müxtəlif peşə kursları və asudə vaxt mərkəzlərinin yaradılmasına həsr edilmişdir.
Belə ki, Mərkəzin ötən illərdə Sabirabad rayonunda yaratdığı Gənclər Klubu, Mingəçevir şəhərində yaratdığı Bələdiyyə Gənclər Mərkəzi, Füzuli rayonunda yaratdığı Uşaq Hüquqları Məktəbi, Şagird İnkişaf Komitəsi, Biləsuvar, İmişli və Beyləqan rayonlarında yaratdığı kompyuter mərkəzləri, Göygöl rayonunda bərpa etdirdiyi orta məktəb binası, Azərbaycan Təhsil Portalının yaradılması və s. qeyd etdiyim layihələrə misal ola bilər.
Bu gün də mərkəz öz missiyasına uyğun olaraq gənclərin hüquqi, iqtisadi və sosial sahələrdə maarifləndirilməsi, dünya təcrübəsinin öyrənilməsi, ölkə gənclərinin intellektual potensialının artırılması və s. istiqamətlərdə layihələrini reallaşdırır.
Hazırda həyata keçirdiyiniz yeni layihələr gənclik və təhsilin inkişafına nə dərəcədə təkan ola bilər?Gənclər üçün Təhsil Mərkəzi hər hansı layihə və proqramı icra etməmişdən öncə ona dair araşdırmalar aparır və ehtiyacları öyrənir. Bunların əsasında biz müəyyən edirik ki, hansı fəaliyyəti gerçəkləşdirsək, real təsirləri ola bilər. Beləliklə, biz əvvəlcədən özümüz üçün riskləri və uğurları müəyyən edirik.
Hazırda icra etdiyimiz layihə və proqramlar bilavasitə gənclər və təhsil problemlərinə həsr olunub. Məsələn, ən böyük proqramlarımızdan olan QHT Məktəbi ictimai sektora maraq göstərən insanların, xüsusilə də gənclərin professional olaraq QHT işçisi kimi formalaşmasına kömək edir.
Bununla yanaşı, Gənclər üçün İKT Məktəbi, Tələbə Qrant Proqramı, Gənclər sağlam həyat uğrunda, Fərqli olsaq da, birlikdəyik, Texniki-peşə təshilinin inkişafına dəstək, Bələdiyyələrə dəstək, özümüzə kömək, Region gənclərinin inkişafına dəstək və digər layihələri də gənclər və təhsilin inkişafına təkan verən layihələr sırasına aid etmək olar.
Gənclərə bu gün nə kimi xidmətlər təklif edirsiniz?Hədəf qrupumuz 14-35 yaş arasında olan insanlardır. Belə ki, bu yaşa aid olan hər bir kəsə mərkəz öz imkanlarını genişləndirmək üçün müxtəlif cür xidmətlər təklif edir. Bu xidmətlər sırasına müxtəlif mövzularda olan treininqlər və seminarlar, peşə kursları, tələbə qrantları, hüquqi xidmətlər, abituriyentlərə məsləhətlər, kitabxanalar, tədqiqatların keçirilməsinə, yardımların göstərilməsi, xüsusi nəşrlərin hazırlanması, yardım proqramları, gənclərin beynəlxalq mübadiləsi, könüllülük proqramları, sosial xidmətlər və sair aiddir.
Təbii ki, mərkəzin hər bir layihəsini də gənclər üçün bir xidmət növü saymaq olar. Çünki, həyata keçirilən hər bir layihə həmin gənclərin aktiv iştirakçılığının təmin olunmasına, təşkilatçılıq bacarıqlarının artmasına və informasiya əldə etməsinə kömək edir.
Qeyd etmək vacibdir ki, mərkəzin bu xidmətləri yalnız Bakı şəhərini deyil, ölkənin 20-dən çox regionunu əhatə edir.
Mərkəz gənclərin həyata keçirilən işlər, yeniliklər və xidmətlər barədə geniş məlumat alması üçün dövrü mətbuatdan, eləcə də, öz informasiya resurlarından istifadə edir. Belə ki, mərkəzin yeni internet səhifəsi (www.gtm.az), idarə etdiyi Azərbaycan Təhsil Portalı (www.tahsil.az) və mətbu orqanı olan Tələbə qəzeti gənclərin ixtiyarındadır.
Bu gün tam əminliklə və qürur hissi ilə deyə bilərik ki, biz minlərlə gəncə xidmət edirik.
Texniki-peşə təhsilinin inkişafı istiqamətində birlik tərəfindən icra etdiyiniz layihə hansı səviyyədə töhfələrini verir? Bu ilin aprel ayından başlayaraq Şuranın maliyyə dəstəyi ilə Texniki-peşə təhsilinin inkişafına dəstək layihəsini icra etməyə başlamışıq. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.
Layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilmişdir.
Artıq layihə tamamlanmaq üzrədir. Ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamaqda olan layihə konkert nəticələr vermişdir. Belə ki, bir çox biznes qurumları texniki-peşə məktəbləri ilə əməkdaşlıq edəcəklərinə, oranı bitirən tələbələrin işlə təmin olunmasına razılıq vermiş, ümumilikdə texniki-peşə təhsilinə, eləcə də texniki-peşə təhsilli kadrlara maraq artırılmışdır.
Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələriniz hansı səviyyədədir?Hər il yüzlərlə gənc mərkəzimizin beynəlxalq əməkdaşlıq proqramları vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil olunan tanışlıq səfərlərində, seminar və təlimlərdə, konfrans və simpoziumlarda, sərgi və müsabiqələrdə, eləcə də yay və qış düşərgələrində iştirak edir. Bu proqramların ilbəil inkişaf etməsində və genişlənməsində mərkəzin üzv olduğu beynəlxalq QHT şəbəkələrinin böyük rolu vardır. Belə ki, Mərkəz üzv olduğu beynəlxalq şəbəkələr vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq tədbirlərdə öz üzvlərinin iştirakını təmin edir.
Mərkəzin əsas beynəlxalq partnyoru Synergy Beynəlxalq Şəbəkəsidir. Mərkəzin şəbəkə ilə əməkdaşlığı bu il də xüsusi özəlliyi ilə seçildi. Əvvəlki illərdə olduğu kimi bu il də şəbəkə təşkil etdiyi müxtəlif tədbirlərində azərbaycanlı gənclərin iştirakı üçün xeyli sayda yer ayırdı. Ümumilikdə, bu il ərzində 50-yə yaxın mərkəz üzvü şəbəkənin təlim və seminarlarında iştirak edə bildi.
Gənclər üçün Təhsil Mərkəzi daha bir vacib statusu, Avropa Birliyinin Gənclər fəaliyyətdə (2007-2013) Proqramının Şərqi Avropa və Qafqaz üzrə informasiya təmsilçisi olmasıdır. Bu təmsilçilik də Mərkəzin beynəlxalq əlaqələrini genişlənməsinə və xeyli sayda beynəlxalq layihələrin həyata keçirilməsinə kömək edir.
Ötən bir il ərzində mərkəz Böyük Britaniya, Türkiyə, İsrail, Fransa, Almaniya, Makedoniya, Gürcüstan, Estoniya və Macarıstandan olan partnyorları ilə müxtəlif beynəlxalq layihələr icra etmişdir.
Birliyinizin gördüyü işlərin geniş miqyaslı olması mərkəzinizin yeni-yeni planlarından xəbər verir. Yarandığı dövrdən birliyimiz daha çox Azərbaycanın regionlarında işləməyə üstünlük vermişdir. Buna görə də növbəti ildə bu ənənəyə sadiq qalaraq regional ofislərimizin sayının artırılmasını və xidmət sahələrinin genişləndirilməsini planlaşdırırıq.
Təbii ki, mərkəzin proqramlarının və beynəlxalq əlaqələrinin genişləndirilməsi, kadr potensialının və maliyyə davamlılığının gücləndirilməsi də əsas planlarımızdandır.
Gənclər və təhsil sahəsində isə ilkin planlarımıza Gənclərin asudə vaxt mərkəzinin, Gənclərin Elm Mərkəzinin, müxtəlif maraq klublarının, peşə kurslarının, müxtəlif məsləhət xidmətlərinin, müxtəlif internet portalların yaradılması, gənclərin hüquq, iqtisadiyyat, mədəniyyət və digər sosial təşəbbüslərinin inkişaf etdirilməsi, beynəlxalq konfransların keçirilməsi istiqamətində layihələrin reallaşdırılması daxildir.
Hazırladı: Səbinə Mövsümova / "Vətəndaş cəmiyyəti" jurnalı