
Məlumat verildiyi kimi bir neçə gün əvvəl Gənclər üçün Təhsil Mərkəzi “Region gənclərinin inkişafına dəstək” proqramının icrasına start vermişdir.
Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb.
Bu məqsədlə dünən və bu gün Mərkəz Füzuli və Beyləqan gəncləri ilə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd gənclərin mövcud problemlərini və ehtiyaclarını öyrənmək, onları yaradan səbəbləri aşkar etmək və qiymətləndirmək idi. Hər bir regionda 40 nəfər gəncin iştirakı ilə keçirilən görüşlər zamanı Gənclər üçün Təhsil Mərkəzinin həmin regionlarda yeni ofislərinin yaradılması və fəaliyyətinə dair məsələlər də müzakirə edilmişdir.
Qeyd edək ki, Proqram 2 mərhələ olmaqla, Azərbaycanın 24 rayonunu əhatə edəcək. Proqramın birinci mərhələsində 24 rayonun hər birində gənclər qrupları arasında görüşlər və qiymətləndirmə sorğuları keçiriləcək, onların ehtiyac və təklifləri öyrəniləcəkdir. İkinci mərhələdə isə öyrənilmiş ehtiyaclara əsasən layihə və tədbirlər həyata keçiriləcək.
Proqram Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Kürdəmir, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Şəki, Balakən, Qax, Gəncə, Qazax, Şəmkir, Tovuz, Xaçmaz və Siyəzən rayonlarını əhatə etməklə, minlərlə gəncin həyatında müsbət dəyişikliklər etməyi nəzərdə tutur.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi icra ediləcək proqram çərçivəsində özünün bir neçə regional ofisinin yaradılmasını və bu ofislər vasitəsilə gənclər üçün müxtəlif təhsil və sosial xidmətlər göstərilməsini planlaşdırır.