
Gənclər üçün Təhsil Mərkəzi “Gənclər üçün İKT Məktəbi” layihəsinin icrasına başladı. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.
Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb.
Layihə 2010-cu ilin mart ayınadək davam edəcək.
Qeyd edək ki, layihə çərçivəsində interaktiv təlimlər, praktik məşğələlər, internet aksiyalar və məsləhət xidməti təşkil ediləcək.
Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən yaradılacaq qeyri-formal Məktəb hələ ki, yalnız Bakı şəhərini əhatə edir və növbəti ilin əvvəlindən bu Məktəbin 10 müxtəlif regionda da yaradılması təmin ediləcək.