
Bir neçə ay bundan öncə, Azərbaycanda ilk dəfə olaraq regionlarda yaşayan və milli azlıqlardan olan gənclərin kiçik layihə təşəbbüslərinə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən maliyyə dəstəyi verilmişdir.
Əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai fəallığını artırmaq və onların yerli problemlərin həllində iştirakını təşviq etmək olan proqram artıq bitmək üzrədir.
Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Fərqli olsaq da, birlikdəyik” adlı layihə çərçivəsində reallaşan 10 kiçik layihə milli azlıqdan olan gənclərin təşəbbüsü ilə meydana çıxmış və icra edilmişdir.
Qeyd edək ki, bu təşəbbüslərin inkişaf etdirilməsi və hazırlanması üçün Mərkəz Bakı şəhərində ötən il ilk dəfə olaraq milli azlıqlardan olan gənclərin 1 həftəlik milli təlim kursunu da təşkil etmişdir.
Əsasən yerli gənclər klublarının inkişaf etdirilməsini, gənclərin asudə vaxtının səmərəli təşkilini, onların yerli bələdiyyələrin işində aktiv iştirakını, eləcə də bir sıra sosial əhəmiyyətli məsələlərdə gənclərin rolunu təşviq edən kiçik layihələr artıq başa çatır. Bu layihələr hər biri özü-özlüyündə icra edildiyi regionda xeyli təsir imkanına malik olmuş və ictimaiyyətin xüsusi marağına səbəb olmuşdur.
Gənclər üçün Təhsil Mərkəzi növbəti aylarda milli azlıqlardan olan gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün yeni proqramların həyata keçirilməsini planlaşdırır.