QHT Məktəbinin payız təlimləri başladı
 Ötən gün Gənclər üçün Təhsil Mərkəzinin QHT Məktəbi payız təlimləri silsiləsinə start verildi. 2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən QHT Məktəbi təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 700-dən çox insanın iştirak etdiyi QHT Məktəbi təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar. Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçirilən QHT Məktəbinin payız təlimləri 2 ay davam edəcək.
|
Avropa Birliyi ölkələrinin nümayəndələri ilə Mərkəzdə görüş keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Avropa Birliyinə üzv 15 ölkənin o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin Gənclər Fəaliyyətdə proqramı üzrə Milli agentliklərinin rəsmi nümayəndələri, eyni zamanda, Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir. Əsas məqsədi Mərkəzin fəaliyyəti ilə tanış olmaq, eləcə də Mərkəzlə Avropa Birliyinə üzv ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq olan tanışlıq görüşü Avropa Şurası, Gənclər və İdman Nazirliyi və Salto Youth Resurs Mərkəzi nin təşkilatçılığı ilə baş tutmuşdur.
|
Milli azlıqlardan olan gənclərin təşəbbüslərinə dəstək verilir
Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Fərqli olsaq da birlikdəyik layihəsinin ikinci mərhələsini icra etməyə başladı. Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan layihənin birinci mərhələsində Azərbaycanın müxtəlif regionlarından olan 25 nəfər milli azlıqlardan olan gəncə xüsusi təlimlər keçirilmişdir. Onlar təlimlər zamanı QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin formalaşdırılması və s. mövzularda biliklərə yiyələnmişdirlər.
|
Region gənclərinin inkişafına dəstək proqramı başladı
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən Region gənclərinin inkişafına dəstək proqramının icrasına start verdi. Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb. Proqram 2 mərhələ olmaqla, Azərbaycanın 24 rayonunu əhatə edəcək. Proqramın birinci mərhələsində 24 rayonun hər birində gənclər qrupları arasında görüşlər və qiymətləndirmə sorğuları keçiriləcək, onların ehtiyac və təklifləri öyrəniləcəkdir. İkinci mərhələdə isə öyrənilmiş ehtiyaclara əsasən layihə və tədbirlər həyata keçiriləcək.
|
Gənclərin xaricdə təhsil almaq imkanları artırılır
 Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən gənclərin xaricdə təhsil almaq imkanlarının artırılmasına həsr olunmuş seminar öz işinə başlamışdır. Seminarı giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev tədbirin əsas məqsədi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, seminar gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdan ibarətdir.
|
Gənclər üçün İKT Məktəbi
 Gənclər üçün Təhsil Mərkəzi Gənclər üçün İKT Məktəbi layihəsinin icrasına başladı. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir. Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb. Layihə 2010-cu ilin mart ayınadək davam edəcək.
|
Məcburi köçkün məktəblərinin direktorları ilə görüş keçirildi
 Bu günlərdə Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev Füzuli rayonu Qayıdış qəsəbəsində fəaliyyət göstərən orta məktəblərin direktorları ilə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd həmin məktəblərin əsas ehtiyaclarını öyrənmək və onları Mərkəzin yaratdığı Şagird İnkişaf Komitəsinin işinə cəlb etmək idi. Görüş zamanı məcburi köçkün məktəblilərin təhsil problemləri və onlar üçün yaradılan Şagird İnkişaf Komitəsinin prespektivləri müzakirə edildi.
|
Şagird İnkişaf Komitəsi konsepsiyası inkişaf etdirilir
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başlamışdır. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur. Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
|
Gənclər Beynəlxalq Sülh Gününü qeyd etdi
 Dünən Gənclər üçün Təhsil Mərkəzində tələbələrin iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş seminar keçirilmişdir. Seminarın təşkil edilməsində əsas məqsəd tələbələrin sülh quruculuğu prosesindəki rolunun artırılmasını təşviq etmək idi. 30 nəfər tələbənin iştirak etdiyi seminarda Mərkəzin proqramlar üzrə koordinatoru Samir Quliyev geniş məruzə ilə çıxış etmiş və iştirakçılarda maraq doğuran sualları cavablandırmışdır.
|
GTM regionların sosial-iqtisadi inkişafına həsr olunmuş aksiya keçirdi
 Ötən gün Bakı Əyləncə Mərkəzinin Eliza zalında Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Əsrin müqaviləsi regionların sosial-iqtisadi inkişafına gedən yol mövzusunda aksiya keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd 15 il bundan öncə imzalanmış Əsrin Müqaviləsinin bu gün regionlarımızın sosial-iqtisadi inkişafında oynadığı əvəzsiz rolu gənclərimizin diqqətinə çatdırmaq idi. Rəsmi və bədii hissədən ibarət olan aksiyanın keçirilməsinə Səbael rayon İcra Hakimiyyəti və Bank Respublika ASC yaxından köməklik göstərmişdir.
|