Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının 2007-2013-cü illər üzrə Gənclər Fəaliyyətdə proqramı çərçivəsində Bakı və region gəncləri üçün xüsusi təlimlərin keçirilməsinə başlamışdır. Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin qeyd edilən proqram haqqında dolğun informasiya əldə etməsinə və onların həmin proqramlara qoşulmasına kömək etməkdir. Avqust ayının ilk günlərindən başlayaraq bu günədək Bakı, Sumqayıt və Şirvan şəhərlərində təlimlərini təşkil etmiş Mərkəz, sentyabr ayının sonunadək qeyd edilən təlimlərin Gəncə, Mingəçevir, Quba, Şəki və Lənkəranda keçirilməsini də təmin edəcək.
Məlumat üçün bildirmək istəyirik ki, Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri Hollandiyanın Ommen şəhərində keçirilən Beynəlxalq Könüllülük Fəaliyyəti adlı təlimdə iştirak edirlər. 3 həftə davam edəcək təlim kursunun əsas məqsədi beynəlxalq könüllülərlə işləyən qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının təkmilləşdirilməsinə kömək etməkdir.
Bu günlərdə İstanbul Universitetinin Tələbə Dərnəyinin dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfər etmişdir. Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olan səfər proqramında Mərkəzi Rasim Ağayev və Elnur Axundov təmsil etmişdir.
Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Texniki-peşə təhsilinin inkişafına dəstək layihəsini icra etməyə başlamışdır. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.
2009-cu ilin aprel ayından Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Regionlarda ictimai gənclər strukturlarının yaradılması və gənclər mübadiləsinin stimullaşdırılması adlı layihənin icrasına başlamışdır. Əsas məqsədi qeyri-formal təhsil metodlarından istifadə etməklə gənclər arasında mübadilə işini təşkil etmək və yeni gənclər strukturlarının yaranmasını stimullaşdırmaqla gənclərin informasiya təminatı və məlumat şəbəkəsinin yaradılması olan bu layihə ölkəmizin əksər regionlarının gənclərini əhatə etmişdir. Belə ki, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, İsmayıllı, Şamaxı, Qəbələ, Zaqatala, Qax, Oğuz, Samux, Masallı, Astara, Yardımlı, Cəlilabad, Biləsuvar, Qazax, Tovuz, Yevlax rayonlarından, eləcə də, Mingəçevir, Sumqayıt, Lənkəran, Gəncə və Bakı şəhərlərindən olan 200 gənc layihə çərçivəsində təşkil edilmiş təlimlərin, 500-dən çox gənc isə layihənin digər fəaliyyətlərinin iştirakçısı olmuşdur.
Gənclər üçün Təhsil Mərkəzinin bu ilin əvvəlindən başladığı azərbaycan dili kursları bu gün başa çatıb. Qaynar.info-nun verdiyi xəbərə görə, 30 nəfər əcnəbi vətəndaş üçün təşkil edilən 5 aylıq pulsuz kursların keçirilməsində əsas məqsəd ölkəmizdə təhsil alan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, onlara Azərbaycanın milli dəyərlərini aşılamaqdır. Hazırda 5 aydan artıqdır davam edən kursları bitirən əcnəbilər azərbaycan dilində sərbəst danışır və bir-birlərini başa düşürlər.
Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən Şagird İnkişaf Komitəsi konsepsiyası layihəsinin həyata keçirilməsinə başlayıb. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən uzaqlaşan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihənin pilot olaraq Füzuli rayonunda icra olunması nəzərdə tutulur.