www.ecy-az.org | Press Relizlər > Milli azlıqlardan olan gənclərin təşəbbüslərinə dəstək verilir
Milli azlıqlardan olan gənclərin təşəbbüslərinə dəstək verilir15 oktyabr 2009 |
|
Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Fərqli olsaq da birlikdəyik layihəsinin ikinci mərhələsini icra etməyə başladı.
Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan layihənin birinci mərhələsində Azərbaycanın müxtəlif regionlarından olan 25 nəfər milli azlıqlardan olan gəncə xüsusi təlimlər keçirilmişdir. Onlar təlimlər zamanı QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin formalaşdırılması və s. mövzularda biliklərə yiyələnmişdirlər. Yeni icra edilməyə başlayan mərhələ təlim keçmiş həmin gənclər vasitəsilə onların regionlarında kiçik layihələrin reallaşdılmasını nəzərdə tutur. Belə ki, onlar Mərkəzə müxtəlif mövzularda kiçik layihələr təqdim etmiş və bəziləri yüksək qiymətləndirilərək dəstəklənmişdir. Hazırda Bakı, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qəbələ və Zaqatalada icra edilməyə başlayan 10 layihə əsasən milli azlıqlardan olan gənclər üçün qeyri-formal təhsil metodlarından istifadə etməklə müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur. Layihələr təlimlərin, seminarların, ekoloji və mədəni aksiyaların, sərgi və müsabiqələrin keçirilməsi kimi fəaliyyətləri əhatə edir. Qeyd edək ki, kiçik layihələrin həyata keçirilməsinin əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai aktivliyini artırmaqdır. |