www.ecy-az.org | Press Relizlər > Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur
Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur29 iyul 2010 |
|
Asudə vaxtın səmərəli təşkili problemi regionlarımızda xüsusilə nəzərə çarpır. Region gənclərinin və uşaqlarının gündəlik həyatını müşahidə etsək görərik ki, onlar asudə vaxtlarını ya evdə, ya bağ işlərində çalışmaqla, ya da çayxanalarda keçirirlər. Bu problemləri müşahidə edərək Gənclər üçün Təhsil Mərkəzi 2 ilə yaxındır ki, Füzuli rayonu Qayıdış qəsəbəsində icra etdiyi layihə çərçivəsində həmin ərazidə yaşayan məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi yer ayırmışdır. Belə ki, Mərkəz Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsi yaratmış və onun vasitəsilə müxtəlif xidmətlər göstərməyə başlamışdır. Yay tətili başlayandan bu günə qədər Komitədə məcburi köçkün uşaqların intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təbliğ olunması, yeni istedadların üzə çıxarılması və s. istiqamətlərdə dərnək və klublar yaradılmışdır. Artıq yay tətili müddətində məktəblilərin iştirakı ilə 2 ekskursiya, 1 musiqi festivalı, 3 idman yarışı, 2 intellektual müsabiqə, 1 yay düşərgəsi və 3 görüş keçirilmişdir. Bununla yanaşı Komitənin ofisində quraşdırılmış kompyuter avadanlıqları və kitabxana da məktəblilərin ixtiyarına verilmişdir. |