www.ecy-az.org | Press Relizlər > “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı

“Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı


26 iyul 2010
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin cari ilin 15 aprelindən start verdiyi və 3 ay davam edən “Vətənpərvər kimdir?” sosioloji sorğusunun nəticələri açıqlandı.
Əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaq olan sorğu 3000-dən artıq gənci əhatə etmişdir.
Əsasən 14-25 yaş həddində olan gəncləri əhatə etmiş sorğu Bakı ilə yanaşı, 12 rayonda keçirilmişdir.

Konkret olaraq sorğunun nəticələri belədir:
- Sorğunun “Vətənpərvərlik deyiləndə nə başa düşürsünüz?” sualına “22% - vətənə məhəbbət hissi, 35% - vətəni hər yerdə təbliğ etmək, 41% - vətəni qorumaq, 2% - daxili hiss” cavablarını vermişlər;
- “Gənclərimizdə vətənpərvərlik hisslərini necə qiymətləndirirsiz?” sualına isə “63% - ürəkaçan deyil, 21% - ürəkaçandır, 16% - zamanla müsbətə doğru düzələcək” fikrini bildirmişlər. Ürəkaçan olmamasının əsas səbəbi kimi gənclərin Vətən və vətənpərvərlik anlayışları haqqında düzgün təsəvvürə malik olmadıqlarını və laqeyidlik olduqlarını qeyd etmişdirlər.
- “Vətənpərvərlik hissi necə formalaşmalıdır?” sualının isə nəticələri belə olmuşdur: 18% - ailədə, 37% - orta məktəbdə, 4% - ali təhsil ocaqlarında, 19% - ictimai təsisatlar vasitəsilə, 22% - insanın öz daxilində.
- Sorğunun “Gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün nə edilməlidir?” sualı gənclər tərəfindən belə cavablandırılmışdır: 33% - heç bir şey, o daxildə formalaşmalıdır, 20% - orta məktəblərdə dərs keçirilməlidir, 19% - televiziya və radiolarda təbliğat işi gücləndirilməlidir, 18% - ictimai təsisatlar bu sahədə ciddi iş görməlidir, 10% - uşaq yaşlarından valideynlərin tərbiyəsi.
- Sonuncu “Gənclər özləri vətənpərvərliyin inkişafı üçün nə etməlidir?” sualı isə belə cavanlandırılmışdır: 8% - Vətənə ürəkdən bağlanmalıdırlar və sevməlidirlər, 26% - daxili təşəbbüslər göstərilməlidir, 34% - şəbəkələşməlidirlər, 29% - dərnək və klublar yaratmalıdırlar, 3% - heç bir şey etməməlidirlər.

Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər.
Mərkəz sorğu vasitəsi ilə gənclərin “vətənpərvərlik” anlayışını necə qəbul etdiklərini, digər fikir və təkliflərini toplamaq, bunları analiz etmək, sonda ilk olaraq gənclərin vətənpərlik şəbəkələrinin və dərnəklərinin yaradılmasını planlaşdırır.