www.ecy-az.org | Press Relizlər > “Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlı Konfrans öz işinə başladı

“Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlı Konfrans öz işinə başladı


2 fevral 2010
Bu gün 2 fevral Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzində region gənclərinin iştirakı ilə Konfrans öz işinə başlamışdır. “Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlanan Konfransın əsas məqsədi region gənclərinin uğurlarını qeyd etmək, onların problemlərini və ehtiyaclarını müzakirə etmək, həlli üçün müvafiq qurumlarla tərəfdaşlıq etməkdir.
12 regiondan 30 gəncin iştirakı keçirilən konfransı giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev Konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verdi və bildirdi ki, bu tədbir region gənclərinin inkişafı istiqamətində atılan addımlardan tamamilə fərqlənəcək və konkret nəticələr verəcəkdir.
Daha sonra 2 məruzə dinlənildi. Birinci məruzədə regionlarda istedadlı gənclərin üzə çıxardılmasında, eləcə də onların inkişafında mövcud olan problemlər və həlli yolları barədə danışıldı. Növbəti məruzədə isə region gənclərinin inkişafı üçün müxtəlif proqramların hazırlanması və birgə əməkdaşlıq imkanları haqqında çıxış edildi.
Konfrans müzakirələrlə davam etdirildi və regiondan olan gənclərin fikirləri öyrənildi. Onların böyük əksəriyyəti regionlardakı orta təhsil məktəblərində təhsilin səviyyəsindən, ali təhsil müəssisələrinə qəbul olmaq üçün lazımi şəraitin olmamasından, məşğulluq imkanlarının azlığından, gənc kadrların regionlardakı dövlət qurumlarında və bələdiyyələrdə az təmsil olunmasından, istedadlı gənclərin Mərkəzə gəlmək imkanlarının, eləcə də müxtəlif müsabiqələrə qatılmaq imkanlarının olmamasından, gənclərin sağlamlıq imkanlarının yaxşılaşdırılmamasından, asudə vaxtlarının səmərəli təşkili üçün imkanların olmamasından narazı olduqlarını bildirdilər.
Qeyd edək ki, Konfrans zamanı deyilən bütün təkliflər toplanacaq, təhlil ediləcək və birgə tərəfdaşlıq üçün müvafiq proqramlar hazırlanacaqdır.
Konfrans zamanı öz aktivliyi ilə seçilən 10 gəncə mükafat və diplom da verilmişdir.